Ay daşı

Ay daşı mavi-gümüşü rəngli yarımşəffaf çöl şpatıdır. Daş incə qat-qat quruluşuna görə mavi və ya gümüşü-ağ çalarda bərq vurması səbəbindən belə adlandırılmışdır. Ay daşı başqa cür “adulyar” və ya “selenit” adlandırılır. Bu, Ay pərəstişkarlarının ən çox rəğbət bəslədikləri daşdır. Ay daşı süd ağı və ya bənövşəyi rəngdə, yaxud sanki içərisində qızıl sayrışan tək işıldayan ola bilər.Bu, çox nadir mineraldır.

Qədim zamanlardan bəri ay daşından kiminsə məhəbbətini qazanmaq üçün istifadə edirlər. Təklikdən əziyyət çəkən insanlar bu mineraldan hazırlanmış sancağı sol tərəflərinə taxmalıdırlar. Bu qiymətli daş təkcə başqasının sevgisini cəlb etmir, həm də onun sahibində bu yüksək hissi oyadır. Sol ələ taxılmış üzərində ay daşı olan üzük insanın  duyğularını tənzimləyir, münaqişələrin qarşısını almağa kömək edir, stresi aradan qaldırır, sahibini daha tolerant və mərhəmətli edir. Sağ ələ taxılmış üzük isə tamamilə sakitləşməyə kömək edir, adamda təxəyyül və yaradıcı impulslar oyadır.

Ekspertlər bildirirlər ki, ay daşı ilə meditasiya şüuraltı düşüncənin, həmçinin gizli qabiliyyətin və istedadın üzə çıxmasına kömək edir.

Astroloqlar od ünsürü olan Qoç, Şir, Oxatan bürclərinə ay daşının gücündən istifadə etməyi məsləhət görmürlər. Digər bürclər üçün isə zərərsizdir. Ay daşı yaradıcı insanlar: yazıçılar, şairlər, musiqiçilər və rəssamlar üçün yaxşı həmaildir. O, bu peşə sahiblərinin istedadlarını aşkar edir, onlara ilham verir, yaradıcı impulsları ruhlandırır.
Ay daşının xoşbəxtlik gətirdiyinə inanırlar. Bu qiymətli daş sevgiliyə hədiyyə kimi çox yüksək qiymətləndirilir; belə ki, o, ülvi hissləri oyatmağa kömək edir və gələcəyi görməyə imkan yaradır. Ətraf mühit ilə ahəng təşkil edən bu sevgi daşı bir çox xalq üçün qızıldan da dəyərli olub, müqəddəs hesab edilmişdir.

Ay daşı ay bədr olduqda xüsusi gücə sahib olur. Onun parıltısı insanlarda xəyalpərəstlik, həlimlik və mehribanlıq hissi oyadır, gərginliyi azaldır, qəzəb və lovğalığı aradan qaldırır.

Ay daşı zərgərlik daşıdır. Bu qiymətli daş hələ yüz il bundan əvvəl "Art Nouveau" dövründə də hər kəsin sevimli daşı olub. Onu sevgililərin daşı adlandırardılar, qızlar onu həmail kimi taxar, sevgidə xoşbəxtlik gətirdiyinə inanardılar. Bundan başqa deyirdilər ki, ay daşı aylı gecələrdə ağlayır və ifraz olunan nəm qızdırmanı sağaldır.

Əslində, ay daşını digər müalicəvi xüsusiyyətlərinə görə də taxırdılar. Belə ki, bir çox insan hələ də onun epilepsiya zamanı kömək etdiyini, böyrəkləri müalicə etdiyini düşünür. Bundan əlavə, əgər qədim rəvayətlərə inansaq, ay daşı ən yaxşı təbii psixoterapevtlərdən biridir: bu kədərin, depressiyanın öhdəsindən gəlməyə kömək edir, qorxu hissini aradan qaldırır, dərin həyəcan və emosional gərginlik ilə bağlı vəziyyətlərə sinə gərməyə kömək edir.

Ay daşı haqqında çoxlu rəvayət var. Məsələn, deyirlər ki, Ay bədirlənməyə başlayanda daşın səthində ağ ləkə yaranır. Bədirlənərkən Ayın parıltısı artdıqca daşın səthindəki həmin ləkə də böyüyür və bu zaman sehrli gücləri daşa geri qayıdır.